Ezamiyyə xərclərinin normaları Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilib. Ölkədaxili normalar 04.04.2024-cü il tarixli 200 nömrəli Qərarla artırılıb.
Ölkədaxili 1 günlük normalar
| Ezamiyyə yeri | 1 günlük norma |
|---|---|
| Bakı | 125 manat |
| Naxçıvan | 100 manat |
| Gəncə, Sumqayıt | 95 manat |
| Digər şəhər, rayon mərkəzi, qəsəbə və kəndlər | 90 manat |
Normanın 70%-i mehmanxana xərci, 30%-i isə gündəlik xərclərdir: yemək, şəhərdaxili nəqliyyat və rabitə.
Sahə və növbə işçiləri
İşi daim yolda keçən, növbə (vaxta) üsulu ilə və ya çöl şəraitində işləyən, hər gün evə qayıda bilməyən işçilərə ezamiyyə xərcləri əvəzinə gündə 20 manat ödənilir.
Vergi nəticəsi
- Norma daxilində ödənilən ezamiyyə xərcləri işçinin gəliri sayılmır.
- Normadan artıq ödənilən hissə işçinin gəliri kimi gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur və gəlirdən çıxılmır.
- Mehmanxana xərci sənədləşdirilmədikdə mehmanxana normasının yalnız 50%-i gəlirdən çıxılır.
Xarici ölkələr üzrə 106 ölkənin normaları olan pulsuz ezamiyyə hesablayıcımızı əldə edə bilərsiniz.
Məqalə ümumi məlumat xarakteri daşıyır və hüquqi məsləhət deyil. Konkret hal üzrə mütəxəssislə məsləhətləşin.